“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

post-img

Bugünlərdə dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” qəzeti dərc etdiyi materialların birində belə bir fikir bildirib: “Ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaq üçün konstitusiyalarına yenidən baxmalıdırlar”. Bu fikri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, həmin ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar “Jerusalem Post”da dərc etdirdiyi “Türkiyə İranın yerinə yeni regional güc olacaqmı?” sərlövhəli məqaləsində irəli sürüb.

Yazıda Rusiyanın dəstəyindən məhrum olan Ermənistanın ölkəmizlə sülh sazişi imzalamaq perspektivi fonunda Tehranın da dəstəyindən uzaqlaşaraq  Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratması alternativsiz variant kimi qiymətləndirilib. Müəllifin fikrincə, hadisələrin bu istiqamətdə cərəyan etməsi bölgədə Tehran tərəfindən təşviq olunan dini radikalizmi xeyli zəiflədəcək. Azərbaycan isə nəzarətində olan hər bir ərazidə dünyəvi qanunun aliliyini təmin edərək bugünədək uğurlu şəkildə dini radikalizmin yayılmasının qarşısını almaqla bölgədə dünyəvi dövlətçilik mühitinin bərqərar olmasına mühüm töhfə verib.

İsrailli professor qeyd edib ki, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın Vətən müharibəsində qələbəsi bölgəni gərginlikdə saxlayan qüvvələrin zəifləməsinə, əvəzində türk alyansının təsirinin artmasına rəvac verib. Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq 30 il ərzində Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz olaraq işğal altında saxlayan Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın məcburi köçkünə çevrildiyi də xatırladılıb. Müəllif bütün qeyd olunanların fonunda ermənilərin Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşdıqlarını göstərmələri üçün öz konstitusiyalarını yenidən nəzərdən keçirməsinin zəruriliyini diqqətə çatdırıb.

Paşa ƏMİRCANOV 
XQ

 

Dünya