Media: ABŞ Çinin 140 şirkətinə yarımkeçirici ixracını qadağan edəcək

post-img

ABŞ Çinin yarımkeçirici sənayesinin inkişafının qarşısını almaq məqsədilə bu ölkənin 140 şirkətinə məhsul tədarükünə məhdudiyyətlər qoymaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, yeni tədbirlər yaddaş çiplərinin və mikrosxemlərin istehsalı üçün avadanlıqların Çinə ixracını məhdudlaşdırmaq məqsədi daşıyır. Vaşinqton, eyni zamanda, müvafiq lisenziyası olmayan bəzi ÇXR şirkətlərinə də ABŞ məhsullarının tədarükünə qadağa qoymağı planlaşdırır.

Məhdudiyyətlərlə üzləşəcək Çin şirkətləri arasında 20-yə yaxın yarımkeçirici kompaniyası, iki investisiya korporasiyası və 100-dən çox avadanlıq istehsalçısı var. Bu qərar əsasən “Naura Technology Group”, “Piotech” və “SiCarrier Technology” kimi korporasiyalara təsir edəcək.

Məhdudiyyətlərə məruz qalan şirkətlərin bəziləri əvvəllər sanksiyalardan əziyyət çəkən, lakin sonradan Çinin yarımkeçirici sənayesinin liderinə çevrilən “Huawei” korporasiyası ilə əməkdaşlıq edir. Birləşmiş Ştatlar, eyni zamanda, ÇXR-in ən böyük çip istehsalçısı – “Semiconductor Manufacturing International” korporasiyasına məhsul tədarükünə əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, Vaşinqton Pekinin qabaqcıl texnologiyalarının inkişafının qarşısını almaq üçün 2022-ci ilin oktyabrından Çinə yarımkeçirici ixracına məhdudiyyətlər qoymağa başlayıb. Nyu-Yorkun Federal Ehtiyatlar Bankının hesabatına görə, Vaşinqtonun ixrac sanksiyalarını sərtləşdirməsi ABŞ şirkətlərinin bazar dəyərinin 130 milyard dollar azalmasına səbəb olub. Birləşmiş Ştatların ən iri çip avadanlığı istehsalçılarının fikrincə, Ağ evin hazırkı siyasəti yerli şirkətlərə zərər vursa da, Çin texnologiyalarının inkişafını ləngidə bilmir.

 

Dünya