Türkiyə İsrail və Livan arasında bu səhər qüvvəyə minən atəşkəs razılaşmasını alqışlayır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında çıxışı zamanı deyib.
Məlumatı “Anadolu” verib.
Dövlət başçısı vurğulayıb ki, Ankara bütün tərəflərdən, ilk növbədə, İsraildən atəşkəs rejiminə ciddi əməl etməsini gözləyir: “Türkiyə bütün tərəflərin, xüsusən də İsrailin yerdə sakitliyi qorumaq üçün üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsini gözləyir”.
Prezident Ərdoğan Türkiyənin “Qəzza zolağında qırğına son qoyulmasına və daimi atəşkəsin yaradılmasına” lazımi töhfə verməyə hazır olduğunu bildirib.
Prezident çıxışında Türkiyənin “qlobal siyasətin qütblərindən biri kimi rolunu durmadan gücləndirdiyini” bildirib.
P.ƏMİRCANOV
XQ