Kennedi səhiyyə naziri vəzifəsinə namizəd irəli sürülüb

post-img

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülmüş sabiq ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu və onun seçki yarışında keçmiş rəqibi kiçik Robert Kennedinin ABŞ səhiyyə və sosial xidmətlər naziri vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə Tramp X sosial şəbəkəsində yazıb. Məlumatı “Anadolu” verib. 

O hesab edir ki, çox uzun müddət amerikalılar “ictimai sağlamlıq məsələlərində aldatma və dezinformasiyaya əl atmış qida sənayesi kompleksindən və əczaçılıq şirkətlərindən əziyyət çəkirlər və Kennedi bu problemləri həll edəcək. Nazirlik hər kəsin bu ölkənin ən böyük sağlamlıq böhranına töhfə verən zərərli kimyəvi maddələrdən, çirkləndiricilərdən, pestisidlərdən, dərmanlardan və pəhriz əlavələrindən qorunmasının təmin edilməsində mühüm rol oynayacaq”.

Kiçik Kennedinin vəzifəyə başlaması üçün onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

Keçmiş demokrat Kennedi builki prezidentlik yarışında Trampın lehinə namizədliyini geri götürüb. O, tez-tez Trampın mitinqlərində görünüb və gurultulu alqışlarla qarşılanıb. Böyük əczaçılıq və pestisid şirkətlərinə qarşı məhkəmə iddiaları, koronavirus peyvəndinə skeptisizm və qida tənzimləmə səyləri ilə də tanınır.

P.ƏMİRCANOV
XQ

Dünya