ABŞ-də seçkiləri kim maliyyələşdirir?

post-img

ABŞ prezidentliyinə namizədlər ənənəvi olaraq seçki kampaniyalarına külli miqdarda vəsait xərcləyirlər. İndiki seçkilər də istisna deyil. Bəc Tramp–Harris mübarizəsini kim və necə maliyyələşdirir? Namizədlər bu vəsaiti müxtəlif yollarla əldə edirlər: özəl donorlardan, siyasi fəaliyyət komitələrindən (PAC) və ya hökumətdən. Sonuncu variant ciddi xərc məhdudiyyətləri ilə bağlıdır, ona görə də əsas namizədlər uzun müddətdir ki, bu mənbəyə müraciət etmirlər.

ABŞ-də indiki prezidentlik kampaniyası da istisna deyil. Noyabrın 3-də “NBC” telekanalı bildirib ki, cəmi 7 gün ərzində siyasi reklamlara demək olar ki, bir milyard dollar xərclənib.

Amerika seçkilərində pulun hərəkətini izləyən qeyri-kommersiya təşkilatı “OpenSecrets”ə görə, Demokratlar Partriyasından prezidentliyə namizəd Kamala Harris sentyabrın 30-na kimi kampaniyası üçün 906 milyon dollardan çox pul toplayıb. Bu məbləğə prezidentlik yarışından çəkilmiş və vitse-prezidentin namizədliyini dəstəkləmək qərarına gələn Co Baydenin kampaniyasına toplanan pullar da daxildir.

Bundan başqa, xarici mənbələr Demokratların namizədini dəstəkləmək üçün daha 359 milyon dollar toplayıb. Ümumilikdə, Harrisin kampaniya fonduna 1 milyard 270 milyon dollardan çox vəsait daxil olub. Bu məbləğin demək olar ki, 56 faizi böyük ianələrdən, 44 faizi kiçik ödənişlərdən (200 dollara qədər) ibarətdir. Məsələn, sahibkar Maykl Blumberq Demokratlar Partiyasına 93 milyon dollarlıq ianə ilə dəstək verib və o, Kamala Harrisin kampaniyasının ən böyük donoru olub. Corc Soros isə PAC vasitəsilə daha 56 milyon dollar göndərib.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp da rəsmi kampaniya vasitəsilə 367 milyon dollar toplayıb. “OpenSecrets”ə görə, o, kənar qruplardan daha 572 molyon 800 min dollar əldə edərək, ümumi maliyyəsini 940 milyon dollara çatdırıb. Onun seçki kampaniyası üçün toplanan vəsaitin 68 faisdən çoxunu iri maliyyə yardımları təşkil edib.

Pul heç də həmişə namizədin seçkilərdə qalib gəlməsinə zəmanət vermir. Son iki prezident seçkilərində Donald Tramp rəqibləri Hillari Klinton və Co Baydendən daha az pul xərcləyib. Lakin o, cəmi bir dəfə – 2020-ci ildə məğlub olub. Pensilvaniya Dövlət Universitetinin ictimai siyasət və idarəetmə üzrə dosenti Den Mallinsonun sözlərinə görə, bu, onu göstərir ki, kampaniya üçün büdcə önəmlidir, lakin o, təkbaşına namizədin qələbəsini təmin edə bilməz. Bu dəfə də onun sözləri özünü doğrultdu. Belə ki, Tramp Harrisdən az vəsait xərcləsə də, yenidən prezident seçildi. O, Seçicilər Kollegiyasının 277 səsini (270 səs kifayət edir) qazanaraq prezident seçkilərində qələbə qazanıb,

ABŞ Konqresinə namizədlər nə qədər pul toplayıblar?

ABŞ-nin bu seçki dövründə kampaniyaları üçün pul toplayanlar təkcə prezidentliyə namizədlər deyil. Eyni zamanda amerikalılar 100 senatordan 34-nü və Nümayəndələr Palatasının 435 üzvünü seçəcəklər. “OpenSecrets”in hesablamalarına görə, seçki yarışı zamanı Senata bütün namizədlər, ümumilikdə, 1,38 milyard dollar, Nümayəndələr Palatasına namizəd olanlar isə 1,78 milyard dollar toplaya biliblər.

2024-cü il ABŞ seçkilərinə 16 milyard dollar xərclənib. 2024-cü ildə ABŞ prezidentinin, eləcə də Konqresin hər iki palatasının üzvlərinin seçkiləri ilə bağlı kampaniyalara rekord məbləğdə, 16 milyard dollar vəsait xərclənib. “OpenSecrets” tərəfindən yayımlanan məlumatda bildirilib ki, bu məbləğ 2020-ci il kampaniyası üçün xərclərdən çoxdur. Həmin vaxt bu vəsait 15 milyard 100 milyon dollar təşkil edib. Müqayisə üçün deyək ki, 2016-cı ildə seçki yarışı “cəmi” 6 milyard 500 milyon dollara başa gəlib.

PÜNHAN
XQ



Dünya