Qobi səhrasında aypara şəkilli göl

post-img

Burada gündüz hərarət 35 dərəcə isti, gecə sıfıra bərabər olur

“Qoy Çayna” elmi-kütləvi portalı yazır ki, Qərbi Çin ərazisindəki Dünxan şəhərindən 6 kilometr aralıda – Qobi səhrasının ortasında aypara şəkilli göl var (https://gochina.ru/blog-dlya-puteshestvennikov/dostoprimechatelnosti-kitaya). Çinlilərin Yueyatsuan adlandırdığı 150 metr uzunluqda olan göl insanın ağlını başından ala biləcək qədər gözəl vahə ilə əhatələnmişdir. Həmin göl və sahildəki buddist məbədi Çinin əsas görməli yerlərindən biri hesab olunur.

Bu möcüzəli su, vahə və məbəd kompleksi UNESCO-nun mühafizə olunan təbiət nümunələri fonduna qəbul edilsə də, 5-10 il əvvəl müxtəlif problemlər üzündən gölün əvvəlki ölçülərinin üçdən birinin qaldığı söylənilirdi. Qeyd edilirdi ki, son otuz ildə gölün sahili 8 metr geriyə çəkilmişdir. Ona görə də yerli hakimiyyət orqanları son illərdə gölün əvvəlki miqyasının bərpa edilməsi üçün alimlərlə birlikdə müxtəlif addımlar atırlar.

Sayt yazır ki, ətrafdakı qum təpələri bu təbiət gözəlini qum fırtınalarından və küləklərdən qoruyur. Bu təbii “qorunmaya” baxmayaraq, planetin ən quraq yerlərindən birində yerləşən bu təbii gözəllik dövri olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Belə ki, 1960-cı illərdə gölün ən dərin nöqtəsi 7 metrə çatırdı. Sonra dayazlaşma prosesi başlayıb. Alimlər həmin prosesi Qobi səhrasının ekosistemini zədələyən və adıçəkilən gölü də qidalandıran Dang çayı üzərində bəndin tikintisi ilə əlaqələndirirlər.

Əlavə edilir ki, “xilasetmə” əməliyyatları öz nəticəsini verməkdədir. Həmin əməliyyatlara, yəni rəsmi qadağalara bu gölün yaxınlığında hansısa quyunun qazılmasının və kənd təsərrüfatı işləri aparılmasının qadağan edilməsi də daxil idi.

Həm xarici turistlər, həm də ölkə daxilindəki təbiətsevərlər buraya maydan başlayaraq oktyabradək gəlirlər. Çünki ilin həmin aylarında Qobi səhrasında gün ərzində hava orta hesabla +35°C-ə qədər istiləşir. Gecələr isə hərarət sürətlə aşağı düşür. Hətta yayda havanın temperaturu sıfıra enir. Ona görə də qışda Dünxana olan səfərlərin bəziləri təxirə salınır.

İ.QAÇAYEV

Dünya