Monteneqro Qərbi Balkan regionunda yeni iqtisadi artım planının həyata keçirilməsində fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Monteneqro ilə bağlı 2024-cü il üzrə hesabatında bildirilir.
Vurğulanır ki, 2023-cü ilin oktyabrında yeni hökumət formalaşandan bəri əvvəlki illərlə müqayisədə daha az qütbləşmə ilə ümumən sabit siyasi mühitdə fəaliyyət göstərir. Bununla belə, ölkə və onun institutları siyasi böhrana və potensial institusional blokadalara qarşı həssasdır.
Monteneqro ədalət, azadlıq və təhlükəsizlik sahəsində orta və yaxşı səviyyədə hazırlığa malikdir, lakin ölkədə məhkəmə və seçki islahatlarının aparılması zəruridir. Ölkənin Aİ-nin strateji oriyentasiyasında möhkəm qalması növbəti dövrdə irəliləyişə nail olmaq üçün əhəmiyyət kəsb edir. Monteneqro hökuməti üçün Avrointeqrasiya strateji hədəflər və siyasi öhdəlik baxımından ən mühüm prioritetdir. Baş nazir Miloyko Spayiç deyib ki, Avropa Komissiyasının Monteneqro ilə bağlı budəfəki hesabatı tarixdə ən yaxşısıdır.
Avrokomissiyanın hesabatı namizəd ölkənin Aİ yolunda nəticələrini qiymətləndirən ən mühüm sənəd hesab olunur.
Xatırladaq ki, Monteneqro 2008-ci il dekabrın 15-də Avropa İttifaqına rəsmi üzvlük ərizəsini verib və 2010-cu il dekabrın 17-də “namizəd ölkə” statusu alıb. Ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları yekunlaşmaq üzrədir. Avropa İttifaqının növbəti üzvü olacağı proqnozlaşdırılan Monteneqronun ən gec 2028-ci ilə qədər ittifaqa qoşulması gözlənilir.