ABŞ Prezidenti Moskva, Pekin və Pxenyanla danışıqlara hazırdır

post-img

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton nəzəri təhlükə risklərini azaltmaq üçün nüvə arsenalının azaldılmasına dair Moskva, Pekin və Pxenyanla danışıqlara hazırdır. Müvafiq bəyanat oktyabrın 14-də Ağ Evin saytında dərc olunub. Məlumatı “İzvestiya.ru” verib. 

“ABŞ nüvə təhlükəsini azaltmaq üçün ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazırdır. Nüvə arsenallarının azaldılmasında irəliləyişə mane olmaq nə bizim ölkələrimiz, nə də dünya üçün faydalı deyil”, - sənəddə qeyd olunur.

Bayden həmçinin qeyd edib ki, nüvə təhlükəsinin mövcudluğu dünyanın uzun müddətdən bəri kollektiv şəkildə üzərində işlədiyi norma və razılaşmaları pozur.

Bundan əvvəl, oktyabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin hərəkətləri nəticəsində dünyada nüvə təhlükəsi səviyyəsinin ciddi şəkildə artdığını bildirib və Moskva ABŞ-ı mümkün nəticələri dərk etməyə çağırıb. O aydınlaşdırıb ki, Rusiya bu barədə Vaşinqtonu artıq xəbərdar edib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya