Tokayev: Türkmənistanla dostluq bizim üçün prioritetdir

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistana rəsmi səfərə gəlib. Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayevin Türkmənistana rəsmi səfəri Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovla görüşlə başlayıb. Xəbəri “Anadolu” yayıb.

Qazaxıstan lideri qonaqpərvərliyinə görə Xalq Maslaxatının sədrinə minnətdarlığını bildirib və onun Qazaxıstan və Türkmənistan arasında əməkdaşlığın inkişafına şəxsi töhfəsini qeyd edib.

Tokayev Qazaxıstan-Türkmənistan münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Türkmənistana rəsmi səfər dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmaq məqsədi daşıyır.

“Biz ölkənizlə əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə böyük məsuliyyətlə yanaşırıq. Biz strateji tərəfdaşlarıq. Bu gün Siz Hökumətlərarası Birgə Komissiyanın işindən danışdınız. Mən də işi müşahidə etdim, hökumətə göstəriş verdim ki, hansı istiqamətdə hərəkət etsin, hansı qərarlar qəbul edilsin, çünki Türkmənistanla dostluq münasibətləri bizim üçün, həqiqətən, prioritetdir”, - Tokayev bildirib.

Öz növbəsində Qurbanqulu Berdiməhəmmədov Türkmənistana rəsmi səfəri zamanı əldə olunacaq razılaşmaların iki ölkə arasında çoxşaxəli qarşılıqlı fəaliyyətin dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

P.ƏMİRCANOV
XQ

Dünya