ABŞ İsrailin İrana cavab zərbəsində iştirak etməyəcək

post-img

İsrailin İrana mümkün cavab zərbələri endirməsində ABŞ-ın iştirakı gözlənilmir.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb.

“ABŞ və İsrail İranın hərbi obyektlərinə və enerji infrastrukturlarına zərbə endirilməsı ehtimalını müzakirə edir. ABŞ nümayəndəsi Vaşinqtonun bu əməliyyatda iştirak etmək niyyətində olmadığını deyib”, - deyə qəzet yazır.

Bundan əvvəl “Financial Times” Təl-Əvivin İranın nüvə obyektlərinə zərbə endirmək variantını nəzərdən keçirmədiyini və ABŞ Prezidenti Cozef Baydenin belə bir hücumu dəstəkləməkdən imtina etdiyini yazmışdı.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller İranın nüvə obyektlərinə zərbələr endirməsi perspektivindən danışarkən, Birləşmiş Ştatların Yaxın Şərqdə miqyaslı müharibəyə səbəb ola biləcək istənilən hərəkətə qarşı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 1-də İran tarixdə ikinci dəfə İsraili kütləvi raket atəşinə tutub və bunu özünümüdafiə aktı adlandırıb. İsrail ordusu yəhudi dövlətinin ərazisinə 180-ə yaxın ballistik raketin atıldığını, lakin tələfatın olmadığını bildirib. Təl-Əviv bu hücumu cavabsız qoymayacağını, ABŞ isə Yaxın Şərqdəki ən yaxın müttəfiqinin köməyinə gələcəyini vəd edib.

Dünya