RF prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Olaf Şoltsla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı tələb edib-etməməsi ilə bağlı suala mənfi cavab verib. Kremlin sözçüsü cənab Putinin dialoqa açıq olduğunu təsdiqləyib.
Məlumatı “Kommersant” yayıb.
O qeyd edib ki, 2022-ci ilin dekabrında baş tutan son telefon danışığından indiyədək tərəflər arasında heç bir əlaqə saxlanılmayıb: “Beləliklə, hazırda müzakirə üçün ümumi mövzular yoxdur. Münasibətlərimiz faktiki olaraq sıfıra endirilib, bu, bizim təşəbbüsümüzlə deyil. Bu, Berlinin, eləcə də digər Avropa paytaxtlarının təşəbbüsüdür. Lakin prezident dəfələrlə bildirib ki, o, dialoqa açıqdır”.
Qeyd edək ki, bir gün əvvəl “Die Zeit” alman hökumətindəki mənbələrə istinadən xəbər vermişdi ki, Olaf Şolts noyabrda Braziliyada keçiriləcək G20 sammitindən bir müddət əvvəl Vladimir Putinlə telefonla danışmağı planlayır. 2022-ci ilin sonuna qədər Rusiya prezidenti və Almaniya kansleri mütəmadi olaraq telefon danışığı aparıb, əsasən Ukraynadakı vəziyyətin nizama salınmasını müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ