Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında və Suriyada PKK terror təşkilatlarının altı silahlısının məhv edildiyini açıqlayıb. Məlumatı “Anadolu” verib.
Məlumata görə, İraqın şimalındakı Qara bölgəsində 4, Suriyanın şimalında, “Fərat qalxanı” əməliyyatı zonasında isə daha 2 terrorçu zərərsizləşdirilib.
Nazirlik bölgədə terror təhlükəsi tam aradan qaldırılana qədər antiterror əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.
Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsinin aradan qaldırılması və yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün üç uğurlu əməliyyat həyata keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.
PKK uzun illər Türkiyəyə qarşı apardığı qanlı terror fəaliyyəti nəticəsində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.
P.ƏMİRCANOV
XQ