Pakistanın Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, azı 6 adam həyatını itirib, 8 nəfər ağır yaralanıb.
Pakistan mətbuatının yaydığı məlumata görə, qəza helikopterin mühərrikinin nasazlığı səbəbindən baş verib və maşın neft yataqlarının ərazisinə düşüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Helikopteri icarəyə götürən Pakistanın “Mari Petroleum Limited” neft kəşfiyyatı və hasilatı şirkətinin nümayəndəsi qəzanın texniki nasazlıqlar səbəbindən baş verdiyini və bunun bölgədəki təhlükəsizlik məsələləri ilə heç bir əlaqəsi olmadığını bildirib.
Qeyd edilir ki, helikopterin pilotları Rusiya vətəndaşları olub, qəzanın səbəbləri araşdırılır.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad