“Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində bildirib. Vurğulanıb ki, Avropa İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentinin fikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik.
“Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini göstərir. Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz. Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiyanın fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib. Aİ Missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyi, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edildiyi, bununla normallaşma prosesinə xələl gətirdiyi hər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ Missiyasının mövcudluğundan sui-istifadə etməkdədir”, - deyə XİN rəsmisi bildirib.
Bildirilib ki, dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Ayxan Hacızadənin sözlərinə görə, bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması narahatlıq mənbəyidir.
“Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi qiymətləndirilə bilər. Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sülhə təhdid törədən addımların qətiyyətlə qarşısının alınması zəruridir”, - deyə XİN rəsmisi vurğulayıb.