Özbəkistan və Almaniya əməkdaşlıq bəyannaməsi imzalayıblar

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tarixi Səmərqənd şəhərində Almaniya kansleri Olaf Şolts ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Özbəkistan prezidentinin ofisindən verilən açıqlamaya görə, Mirziyoyev Özbəkistana rəsmi səfərə gələn Şoltsla birlikdə Səmərqənddəki tarixi Registan meydanını ziyarət edib. Sonra Səmərqənd Konqres Mərkəzində Şoltsun rəsmi qarşılanma mərasimi olub.

Mərasimdən sonra Mirziyoyev və Şolts arasında ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirilib. Mirziyoyev Şoltsun səfərinin tarixi əhəmiyyətini qeyd edərək deyib: “Biz bu səfəri Sizin çoxşaxəli Özbəkistan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xüsusi marağınızın əlaməti və yeni Özbəkistanda həyata keçirilən dönməz islahatlara dəstək kimi qiymətləndiririk. ”

Mirziyoyev və Şolz xarici işlər nazirliklərinə Özbəkistan-Almaniya münasibətlərini mümkün qədər daha da inkişaf etdirməyi, beynəlxalq və regional məsələlər, o cümlədən Əfqanıstandakı vəziyyətlə bağlı müntəzəm məsləhətləşmələr aparmağı tapşırıblar.

Liderlər Almaniyada özbək mütəxəssislərinin populyar sahələr üzrə təlimi üçün “yol xəritəsi”nin hazırlanması, habelə danışıqlar zamanı imzalanmış sazişlərin həyata keçirilməsi üçün birgə “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər.

Alman tərəfi Özbəkistanın regionlarında dil öyrənmə və müəllim hazırlığı proqramlarının genişləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Mirziyoyev və Şolts əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya