Almaniyada “miqrant ovu”

post-img

Qoca qitədə domino effekti

Qanunsuz miqrantlar yenidən Şengen zonası ölkələri arasında kəskin mübahisələrin obyektinə çevrilib. Xüsusilə də Almaniyanın çağırılmamış qonaqlara qarşı mübarizəyə başlaması qonşuları tərəfindən yaxşı qarşılanmayıb. Ekspertlər istisna etmirlər ki, almanların daxili siyasi mülahizələrdən irəli gələn bu addımı “domino effekti”nə gətirib çıxaracaq və digər Şengen ölkələrini razılaşdırılmamış sərhəd yoxlamalarını tətbiq etməyə sövq edəcək.

Macarıstan Avropa İttifaqında (Aİ) sığınacaq axtaranlara qarşı sərt siyasət yürütməsilə tanınır.  Buna görə də, son vaxtlar Budapeşt sərhədlərində heç bir miqrant axını da müşahidə olunmayıb. Buna baxmayaraq, ötən həftənin sonunda Macarıstan qeyri-qanuni miqrantlara ölkə ərazisindən Belçika paytaxtına “birtərəfli bilet” ödəməyə başlayacağını açıqlayıb. Dövlət katibi Bents Retvari ötən cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, “Brüssel qeyri-qanuni miqrantlar istəsə, onları ala bilər”. O, həmçinin Belçikaya “könüllü” və “pulsuz” ictimai nəqliyyat təqdim ediləcəyini də deyib. 

Macarıstanın bu jesti Belçikanın və Avropa Komissiyasının qəzəbli reaksiyasına səbəb olub. Sonuncunun adını açıqlamayan nümayəndəsi çərşənbə axşamı bildirib ki, Budapeştin hərəkətləri “Aİ qanunvericiliyinin, həmçinin səmimi və sadiq əməkdaşlıq prinsipinin, eləcə də qarşılıqlı etimadın açıq şəkildə pozulmasıdır” və bütövlükdə “Şengen zonasının təhlükəsizliyini pozacaq”. Bununla belə, Macarıstandan qeyri-qanuni mühacir axınının faktiki olaraq Belçikaya istiqamətlənəcəyi ilə bağlı ciddi qorxular yoxdur, çünki Budapeştlə bağlı bu, Aİ məhkəməsinin iyunda verdiyi qərarın qisasını almaq üçün daha çox teatral jest idi. Xatırladaq ki, məhkəmə Macarıstanı sığınacaq hüququna qoyulan ciddi məhdudiyyətlərlə əlaqədar “Avropa İttifaqı qanunlarının görünməmiş və son dərəcə ciddi pozuntusunda” ittiham edib və pozuntuların davam edəcəyi təqdirdə Budapeştə birdəfəlik 200 milyon avro və hər gün üçün 1 milyon avro cərimə kəsib. Bunun fonunda bir çoxları qeyri-qanuni mühacirlərin Aİ-nin mərkəzinə avtobuslarla daşınması ideyasını Macarıstan hakimiyyətinin Brüssel məmurlarının əsəblərini tarıma çəkmək kimi qiymətləndirməyə üstünlük verirlər.

Lakin Almaniyanın qeyri-qanuni immiqrantlarla mübarizə üçün yeni sərhəd nəzarəti tədbirləri tətbiq etmək barədə qərarı Aİ-də daha ciddi narahatlıqlar yaradıb. Bu həftə ölkənin daxili işlər naziri Nensi Feser bildirib ki, tezliklə Almaniya bütün doqquz qonşu ölkədən gələn insanları yoxlamağa başlayacaq. Keçmişdə bəzən Polşa, Avstriya, Çexiya və İsveçrə ilə sərhədlərdə belə yoxlamalar qurulurdu ki, bu da ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən ilin oktyabrından bu yana sənədləri etibarsız olan və Almaniyaya daxil olmaq hüququ olmayan 30 minə yaxın şəxsin evlərinə göndərilməsinə imkan vermişdi. İndi alman sərhədçiləri Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarkadan gələn miqrantların Almaniyada sığınacaq istəmək hüququnun olub-olmadığını qiymətləndirmək üçün beş həftəyə qədər həbsdə saxlamaq hüququna malik olacaqlar. Bu, avqust ayında Solingen şəhərində suriyalının bıçaqla hücumundan sonra Berlin tərəfindən qəbul edilmiş son sərt miqrasiya tədbiridir. 

Berlinin Avropada Şengen azad hərəkət zonasının fəaliyyətinə zidd olaraq qonşularından təcrid olunmaq qərarı narazılıqla qarşılanıb. Yalnız Macarıstanın baş naziri Viktor Orban Berlini anladığını bildirib, amma o, bunu özünməxsus istehza ilə bildirib. Cənab Orban X sosial şəbəkədə yazıb ki, “Almaniya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərt sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib. Kansler Şolts, kluba xoş gəlmisiniz”.

Bununla belə, Avstriya kansleri Karl Nehhammer bildirib ki, əgər Berlin daha çox miqrantı ümumi sərhədlərindən geri göndərmək üçün tədbirlər görsə, Vyana da Şərqə, Balkanlara daha çox insan göndərməklə eyni addımı atacaq. Qonşu Polşanın baş naziri Donald Tusk isə almanların qərarını qəbuledilməz adlandırıb, çünki onun fikrincə, bu, “Şengen sazişinin geniş miqyasda faktiki dayandırılmasına” gətirib çıxaracaq. Cənab Tusk hökumətinin bu məsələ ilə bağlı təsirə məruz qalan digər ölkələrlə təcili məsləhətləşmələr aparmaq niyyətini açıqlayıb: “Mən şübhə etmirəm ki, Almaniyadakı daxili siyasi vəziyyət getdikcə daha kəskin addımlar atmağa vadar edir”. Həqiqətən də, Şolts hökumətinin miqrasiya siyasətini sərtləşdirməsi Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının populyarlığının görünməmiş dərəcədə artması fonunda baş verir. 

Siyasi müşahidəçilərin fikrincə, Almaniyanın qeyri-qanuni mühacirlərlə bağlı indiki sərtliyi, şübhəsiz ki, Aİ-yə yaxşı təsir göstərməyəcək. Axı Avropa birliyinin əsas nailiyyətlərindən biri də maneəsiz hərəkət hüququdur. Avropa Şurasının miqrasiya üzrə eksperti Mireia Faro Sarratts bildirib ki, bu, Polşa, Macarıstan və Çexiya kimi ölkələrdə presedent yaradacaq. Avropa Siyasət Mərkəzinin eksperti Alberto-Horst Neidhardt isə düşünür ki, Berlinin bu addımı zəncirvari reaksiyaya səbəb ola bilər və miqrantlara qarşı sərt siyasət yürüdən Fransa və ya Hollandiya kimi ölkələr də eyni addımı atacaq.

S.ELAY 
XQ

 

Dünya