Sentyabrın 2-də Rusiya prezidenti Vladimir Putin iki günlük rəsmi səfərlə Monqolustana gəlib. Rusiya prezidentinin təyyarəsi Ulan-Bator hava limanına enib. Məlumatı “Anadolu” verib.
Putinin Monqolustana səfəri iki gün davam edəcək.
Səfər proqramına əsasən, Rusiya prezidenti sentyabrın 3-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşəcək və Georgi Jukovun abidəsi önünə gül dəstələri qoyacaq.
Putinin səfəri 1939-cu ildə Xalxin Qolda sovet və Monqolustan qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə təsadüf edir.
Putin sonuncu dəfə beş il əvvəl Monqolustanda olub.
Ulan-Batorda dövlət başçıları ikitərəfli münasibətləri, aktual beynəlxalq və regional problemləri müzakirə edəcək, ikitərəfli sənədlər imzalayacaqlar. Putin həmçinin Böyük Xuralın (birpalatalı parlament) sədri Daşzeqviin Amarbayasqalan və baş nazir Luvsannamsrain Oyun-Erdene ilə də görüşməyi planlaşdırır.
P.ƏMİRCANOV
XQ