Yunanıstanın Santorini adasının meri ifrat turist axını ilə bağlı xəbərdarlıq edib

post-img

Santorini meri Nikos Zorzos xəbərdarlıq edib ki, Yunanıstanın ən məşhur tətil məkanına çevrilən adanın nəzarətsiz inkişafı, ifrat dərəcədə turist axının nəzərəçarpacaq təsiri dərhal dayandırılmasa, bu yaşayış məntəqəsini “xilas etmək” mümkün olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu il Siklad adalarının bu məşhur kurortuna 3,4 milyondan çox turistin gələcəyi gözlənilir. Nikos Zorzos adanın məhv olması təhlükəsi yaradan tikintini dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Zorzos “The Guardian” nəşrinə deyib: “Biz 25 min nəfər əhalisi olan bir adada yaşayırıq və sakinlərə daha çox otel və ya kirayə otaqlar lazım deyil. Adada olan zəngin mənzərəni məhv etsəniz, ilk növbədə, insanların buraya gəlmə səbəbini də aradan qaldırmış olursunuz”.

Ölkədə ifrat turizmin təhlükələri haqqında ictimaiyyətə ilk məlumat verən Zorzosun sözlərinə görə, tikinti bumu birbaşa olaraq adaya gələn turistlərin rekord sayda olması ilə bağlıdır və bu, hələ COVID pandemiyasından əvvəl ən yüksək səviyyəyə çatıb.

Cənubi Egey adasının təxminən beşdəbiri artıq betonlanıb. Lakin ekoloqların da təəccübünə səbəb olan fakt ondan ibarətdir ki, Afina səlahiyyətliləri 2018-2022-ci illər arasında daha çox tikinti icazəsini təsdiq edib və burada daha 449,579 kvadratmetr ərazidə - 76 kvadrat kilometr ümumi ərazinin təxminən 2 faizində tikinti işlərinə imkan verib.

2028-ci ilə qədər Yunanıstan bütün ölkə üzrə demək olar ki, 40 milyon turist cəlb etməyə ümid edir. Bu, cari ildəki ilə müqayisədə 5,5 milyon nəfər və ya ölkənin ümumi əhalisindən təqribən dörd dəfə çoxdur.

Dünya