İyun ayında Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsi aylıq ifadədə 10% azalaraq 4,9 milyard avro təşkil edib. Bu, ticarət dövriyyəsinin 4,6 milyard avroya bərabər olduğu 1999-cu ilin sentyabrından bəri ən aşağı göstəricidir. Bu barədə RİA Novosti Eurostat məlumatlarına istinadən yazır.
Eurostatın məlumatına görə, iyunda ticarətin ən böyük azalması Portuqaliya ilə - 4,3 dəfə, 13,2 milyon avroya qədər, həmçinin Çexiya və İrlandiya ilə - müvafiq olaraq, təxminən iki dəfə, 121,5 və 41,5 milyon avroya düşüb. Bununla yanaşı, iyun ayında bəzi ölkələrlə ticarət dövriyyəsi artıb. Belə ki, Bolqarıstan və Rumıniya ilə ticarət dövriyyəsi 15% artaraq müvafiq olaraq 55,8 və 12,3 milyon avroya çatıb. Hollandiya (+10%) və Xorvatiya (+7%) ilə də ticarət dövriyyəsi artıb.
Statistika xidmətinin məlumatına görə, iyunda Rusiya mallarının Aİ-yə tədarükü may ayı ilə müqayisədə 14% azalaraq 2,5 milyard avro təşkil edib. Rusiyanın Avropa İttifaqına ixracının əsas hissəsini qaz (1,1 milyard avro), neft və neft məhsulları (333 milyon avro), həmçinin dəmir və polad (164 milyon avro) təşkil edib.
Eyni zamanda, iyun ayında Rusiyaya Avropa məhsullarının tədarükü aylıq ifadədə 5% azalaraq 2,4 milyard avroya qədər azalıb. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına görə, 2024-cü ilin əvvəlindən Rusiyadan Aİ ölkələrinə qazın idxalı 3,1 milyard kubmetr artıb. “Kommersant”ın məlumatına görə, iyulda Rusiyanın LNG ixracı, əsasən, “Qazprom”un Saxalin-2 və Portovaya layihələrində aparılan planlı təmir hesabına illik ifadədə 5,8% azalaraq 1,97 milyon tona düşüb.
S.ELAY
XQ