QMİ-nin sədri G20 Dinlərarası Forumda

post-img

Qafqaz Müsəlmanları İdarə­sinin sədri şeyxülislam Allah­şükür Paşazadə Braziliyada səfərdədir. Səfər çərçivəsində keçirilən G20 Dinlərarası Foru­munda iştirak edən Şeyxülislam A.Paşazadə qurumun prezidenti Kol Durhamla görüşüb.

Görüşdə dini liderlərin siyasi xadimlər və hökumətlərlə əməkdaşlığa cəlb olun­masının əhəmiyyəti vurğulanıb, dialoqun səmərəli şəkildə davam etməsindən məm­nunluq ifadə olunub. G20 Braziliya Zirvə görüşünün əsas mövzularının qida təhlükə­sizliyi, ətraf mühitin qorunması, sülh qu­ruculuğu, kasıb ölkələrlə zəngin dövlətlər arasında münasibətlər, insan alveri və müa­sir quldarlıq olduğu diqqətə çatdırılaraq, dini liderlərin bu mövzulara dair mənəvi dəyərləndirməsinin zəruriliyi diqqətə çat­dırılıb.

“Heç kimi unutmayaq: insanlar və pla­net üçün tərəfdaşlıq” mövzusunda keçirilən tədbirdə A.Paşazadə vurğulayıb ki, ümumi evimiz olan Yer kürəsində insan həyatına olan təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin bir­gə səylərinin artırılması qlobal zərurətdir. 

Müasir dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozul­ması, münbit torpaqların yararsız hala sa­lınması səbəbindən yaşanan qıtlıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi kimi bəşəriyyəti təhdid edən problemlərə toxu­nan şeyxülislam forumun sülh və əmin-amanlığı tərənnüm etməsini, münaqişələrə, bərabərsizliyə son qoymağa çağırmasını, bəşəri narahat edən aclıq, yoxsulluq, ərzaq təhlükəsizliyi, ətraf mühit, dini etiqad azad­lığının, uşaq, qadın və gənclərin hüquqla­rının qorunması kimi mühüm problemlərə diqqət ayırmasını yüksək qiymətləndirib. 

Şeyxülislam A.Paşazadə forum işti­rakçılarının diqqətinə çatdırıb ki, ekoloji böhran, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması bu ilin noyabrında Ba­kıda COP29-da müzakirə olunacaq və bu toplantı çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində dini liderlər yaxından iştirak edəcəklər.

Braziliyanın G20 Zirvəsinə və COP30-a ev sahibliyi etmək şərəfinə layiq olmasını yüksək dəyərləndirən şeyxülislam BMT-nin COP sessiyalarına sədrlik edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın davamlı əməkdaşlıq plat­formasında – COP sədrləri üçlüyündə bir araya gəlməsini böyük əhəmiyyət daşıyan hadisə olaraq səciyyələndirib.

XQ



Son xəbərlər