Bu gün Mumbaidən təxminən 50 kilometrlikdə yerləşən Badlapur şəhərində iki dördyaşlı qız uşağı üzərində təxmin edilən cinsi zorakılığa görə etirazların güclənməsi fonunda ardıcıl olaraq ikinci gündür internet xidmətləri kəsilib və məktəblər bağlanıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Badlapurdakı etirazlar Kəlküttə şəhərində 31 yaşlı həkim-stajorun zorlanması və qətli səbəbindən başlayan ümummilli nümayişlər fonunda keçirilir.
Mətbuatda deyilir ki, ötən həftə sonu Badlapurda məktəbli qızlara qarşı cinsi zorakılıqda şübhəli bilinən təmizlik işçisi həbs edilib.
Çərşənbə axşamı qəzəblənmiş etirazçılar həkimlərin və qadın təşkilatlarının ölkə boyu etirazlarına cavab olaraq və uşaqlar üçün ədalət tələb edərək dəmiryolu xətlərini bir neçə saatlığına bağlayıblar.
Hindistanın “ABP News” xəbər kanalı xəbər verir ki, hakimiyyət orqanları istənilən toplantı və etirazların qarşısını almaq üçün məktəblərin bağlanmasına dair göstəriş verib, internet xidmətlərinin göstərilməsi isə ikinci gün də dayandırılıb.