Avqustun 22-də Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.
O qeyd edib ki, Boneyro adası cari ilin oktyabrında BMT-yə qətnamə layihəsi təqdim edəcək. Qətnamə layihəsi adanın kolonizasiya siyahısına əlavə olunmasını özündə əks etdirir.
“Bakıda səfərdə olan Boneyra adasının nümayəndə heyəti Bakı Təşəbbüs Qrupuna Bakıda birgə beynəlxalq konfransın təşkili ilə bağlı müraciət edib. Biz beynəlxalq konfransın avqustun 22-də təşkili barədə qərara gəlmişik. Nümayəndə heyəti qətnamə layihəsini təqdim etməzdən əvvəl Bakıdan bununla bağlı dünyaya çağırış ünvanlayacaq”, - deyə icraçı direktor əlavə edib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.