Avqustun 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə Rusiya Federasiyasında rəsmi səfərdə olan Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb. Məlumatı “İzvestiya.ru” verib.
Görüş Kremldə baş tutub. Li Tsyan Moskvaya Rusiyanın baş naziri Mixail Mişustinin dəvəti ilə gəlib.
Rusiya tərəfdən danışıqlarda xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, baş nazirin müavini Dmitri Çernışenko və Rusiyanın Çindəki səfiri İqor Morqulov iştirak edirlər.
Bir gün əvvəl Li Tsyan Moskvaya gələrkən qeyd edib ki, Rusiya və Çin öz liderlərinin rəhbərliyi altında yeni tip beynəlxalq münasibətlər etalonu yaradıblar.
Bir gün sonra iki ölkənin hökumət başçılarının 29-cu müntəzəm görüşü çərçivəsində Mişustinlə danışıqlarda o deyib ki, Rusiya-Çin münasibətləri beynəlxalq təlatümlərə tab gətirib.
Rusiya hökumətinin sədri, öz növbəsində bildirib ki, Qərb Rusiya Federasiyası və Çinin potensialını cilovlamağa çalışır, ona görə də səyləri ümumi maraqların qorunmasına cəmləmək vacibdir.
P.ƏMİRCANOV
XQ