İsrail Fələstinin HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində Qəzza zolağından qoşunlarını çıxarmağa razılaşıb. CNN xəbər verir ki, bu barədə avqustun 20-də jurnalistlərə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Məlumatı “İzvestiya.ru” verib.
Qətərdə jurnalistlərə açıqlama verən ABŞ Dövlət Departamentinin rəhbəri bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələrinin çıxarılması ilə bağlı bənd İsrail tərəfi ilə HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşmasında yer alıb.
“Sazişdə İDF qoşunlarının Qəzzadan çıxarılmasının tarixləri və yerləri çox aydın şəkildə müəyyən edilib və İsrail bununla razılaşıb”, - deyə o bildirib.
Blinken deyib ki, İsrailin baş naziri Binyamin Netanyahu şəxsən ona ölkəsinin müqavilənin şərtləri ilə razılaşdığını deyib. Dövlət katibi həmçinin girovları evlərinə qaytarmaq, Qəzzada atəşkəsə nail olmaq və sülh yolunu yekunlaşdırmaq üçün son səyləri “ən yaxşı və yəqin ki, sonuncu” fürsət adlandırıb.
Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəs və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə yönəlmiş yeni məsləhətləşmələr raundu başlayıb. Danışıqlar İsrail, ABŞ, Qətər və Misirin iştirakı ilə aparılır. HƏMAS hərəkatının nümayəndə heyəti görüşdə iştirakdan imtina edib.
P.ƏMİRCANOV
XQ