Demokrat Kamala Harris ABŞ-da qarşıdan gələn prezident seçkilərində 42%-37% səslə Respublikaçı Donald Trampı qabaqlayır. Bu barədə cümə günü, avqustun 9-da Reuters agentliyi məlumat yayıb.
Ipsos sorğusuna görə, iyul ayından bəri Harris liderliyini artırıb.
Avqustun 2-dən 7-dək ABŞ-da 2045 böyüklər arasında keçirilən ümummilli sorğuda da müəyyən edilib ki, sorğuda iştirak edənlərin 4 faizi müstəqil namizəd kiçik Robert Kennedini dəstəkləyir və bu da iyuldan 6 faiz bəndi aşağıdır.
Ayrı bir Ipsos sorğusu Harrisin seçkilərin ən gərgin keçəcəyi əsas ştatlarda - Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarında Trampı qabaqladığını müəyyən edib. Bu ştatlarda Harris Trampın 40%-i ilə müqayisədə 42% səs alır.
Xatırladaq ki, vitse-prezident Harris iyulun 21-də seçki kampaniyasına başlayıb.
İlk kampaniya mitinqində Harris Trampı tənqid atəşinə tutub. Öz növbəsində Tramp bildirib ki, Harris əvvəllər özünü hindistanlı kimi təqdim etsə də, afroamerikalıların rəğbətini qazanmaq üçün bu yaxınlarda “özünü qaradərili kimi göstərməyə başlayıb”.
E.ELAY
XQ