Ötən həftə HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Yaxın Şərqdə, həqiqətən, gərginlik kritik həddə çatıb. İsrail tərəfi İranın cavab addımlarını gözləyir. Lakin Tehranın “cəza”sının necə və hansı miqyasda olacağını hələlik heç kəs bilmir.
Ağ ev administrasiysı regionda gərginliyin artmasından narahatdır. İqtidarda olan demokratlar seçki öncəsi Yaxın Şərqdə böyük savaşın başlanmasını istəmir. Bu, zəif qlobal idarəçilik anlamına gətirib çıxara bilər.
Prezident Co Bayden bazar ertəsi milli təhlükəsizlik komandası ilə görüşüb və ötən həftə baş vermiş bir neçə səs-küylü sui-qəsddən sonra Yaxın Şərqdə artan gərginliyi aradan qaldırmaq üçün İordaniya kralı ilə danışıb.
Birləşmiş Ştatlar hökuməti Yaxın Şərqdəki vasitəçilərin köməyi ilə İranı sonrakı eskalasiyadan imtina etməyə çalışır. Tehran bu təzyiqlər qarşısında geri çəkilə bilərmi? İran böyük ehtimalla öz simasını qorumaq üçün İsrailə qarşı kəskin hücumlar həyata keçirməyə cəhd edəcək.
Ağ evin mətbuat katibi Karin Jan-Pyer dünən keçirdiyi növbəti brifinqdə Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün Vaşinqton və Tehran arasında birbaşa təmasların olması ilə bağlı suala cavab verməkdən yayınıb: “Biz İsraili müdafiə edəcəyimizi açıq şəkildə bildirdik, lakin münaqişənin eskalasiyasını və ya böyüməsini istəmirik. Əvvəldən bu mövqeyimiz aydın idi”.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu ölkəsi İran və ya bölgədə onu dəstəklədiyi qüvvələr tərəfindən hücuma məruz qalacağı təqdirdə, qarşı tərəfə “ciddi hesab” veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Amerika müsəlman icması isə Baydenin İsrailə dəstəyini tənqid edib. İcmanın rəhbərliyi Vaşinqtonun İsrailin Qəzzaya təcavüzü ilə bağlı qəti mövqe tutmalı olduğunu vurğulayıb.
Dünən İran ordusunun general-mayoru Seyid Əbdülrəhim Musəvi “Jurnalistlər Günü” münasibətilə keçirilən mərasimdə deyib ki, ölkəsi İsrailə tezliklə güclü və qəti cavab verəcək. O bildirib ki, buna heç bir şübhə yoxdur.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Suriyanın xarici işlər naziri Feysəl Əl-Mikdad ilə avqustun 7-də baş tutan telefon danışığı zamanı dbildirib ki, ABŞ və bəzi Avropa ölkələri regionda qeyri-sabitliyə səbəb olublar. O, həmin dövlətləri terrora dəstək verməkdə ittiham edib.
Bəli, Yaxın Şərqdə vəziyyət günbəgün pisləşir. Dünən məlum olub ki, İsrailin hərbi hava qüvvələri “Hizbullah”ı “yerində oturtmaq” məqsədilə Livanın cənubunda hava hücumları həyata keçiriblər. Bu hücum dörd nəfərin ölümünə səbəb olub. “Hizbullah” isə çərşənbə axşamı İsrailə dron hücumu etdiyini bildirib.
Bu arada İsrail müdafiə ordusunun komandanlığı Təl-Əvivdə və ölkənin digər mühüm şəhərlərində əlavə xilasetmə bölmələri yerləşdirib. “The Jerusalem Post” qəzeti xəbər verir ki, axtarış-xilasetmə qrupları və xüsusi texnika paytaxtdakı “Yad Eliyahu” stadionunda yerləşdirilib.
Bu, İran tərəfindən mümkün hücuma hazırlıq məqsədi daşıyır. Yaşayış binaları vurulduğu təqdirdə həmin bölmələr dağıntıların təmizlənməsi və xilasetmə əməliyyatlarını həyata keçirəcək. Xilasedicilərin əlavə qüvvələri Hayfa, Krayot, Eylat və digər şəhərlərə də göndərilib.
Böyük rus rejissoru K.Stanislavski deyirmiş ki “əgər səhnədə divardan tüfəng asılıbsa, tamaşanın sonuna qədər hökmən ondan atəş açılmalıdır”. Yaxın Şərqdə də bu gün hamı İranın nə vaxt atəş açacağı anı gözləyir.
“The Wall Street Journal” nəşri məlumat yayıb ki, hazırda gizli kanallar vasitəsilə İranın İsrailə hücumu edəcəyi tarix dəqiqləşdirilir. Prezident Co Bayden bildirib ki, vəziyyət gərginləşərsə, regiona “F-22” qırıcıları və xüsusi aviasiya qrupları göndərəcək.
Məsaim ABDULLAYEV
XQ