Revanşistlər yenə qarşıdurma yaradırlar

post-img

Ermənistanın populyar qəzetlərindən olan “Hraparak” təxminən 2 həftə əvvəl iki ölkə sərhədində, Qazax rayonunun Xeyrımlı kəndi ilə həmsərhəd Kirants kəndində, guya, azərbaycanlı və erməni sərhədçilər arasında iki insidentin baş verdiyi barədə material dərc etmişdi. Qəzetin yazdığına görə, guya, Azərbaycan sərhədçiləri Kirantsda çəkilən yeni yolun bir hissəsinin ölkəmizin ərazisindən keçdiyini iddia ediblər.

Hayastan milli təhlükəsizlik xidməti “Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun”un sorğusuna cavab olaraq bildirmişdi ki, Kirants kəndində yeni yolun marşrutu ilə bağlı Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir insident baş verməyib. Radionun əməkdaşı milli təhlükəsizlik xidmətindən çəkilən yeni yolla bağlı Ermənistan və Azərbaycan sərhədçiləri arasında hansısa müzakirənin və ya insidentin baş verib-vermədiyini və yeni yolun sərhədin demarkasiyasından sonra Ermənistan ərazisindən keçib-keçmədiyini soruşub. Xidmət Azərbaycan tərəfi ilə insidentlə bağlı iddiaları təkzib edərək, eyni zamanda, əmin edib ki, çəkilməkdə olan yol bütünlüklə Ermənistan ərazisindən keçir.

Qeyd edək ki, dövlətlərarası yolun bir hissəsinin də keçdiyi Kirantsa aparan körpü sərhəd müəyyənləşdirildikdən sonra Azərbaycan tərəfinə təhvil verilib. Ermənistan artıq istismarda olan yola alternativ yolun inşasına başlayıb.

Ermənistanın dövlət qurumunun yayılmış məlumatı rəsmi şəkildə təkzib etməsinə baxmayaraq, ölkənin bir sıra media orqanları və siyasətçiləri bu hadisə ətrafında şou yaratmağa çalışırlar. Onlardan biri parlamentin deputatı Qarnik Danielyandır.

Danielyan ölkənin ikinci prezidenti, 1980-ci illərin sonunda Qarabağda başlayan etnik separatizmin ən fəal iştirakçılarından biri, Xocalı qatili Robert Koçaryanın başçılıq etdiyi “Hayastan” blokunun siyahısı üzrə 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilib. Məlum olduğu kimi, Koçaryan mandat qazansa da, parlamentin işində iştirakdan imtina etmişdi. Onun əvəzinə parlamentdəki “Hayastan” blokuna Seyran Ohanyan başçılıq edir. Partiya mənsubiyyətinə görə, “Daşnaksütyun”un üzvü olan 40 yaşlı Danielyan hayların qanunverici orqanında Tavuş vilayətini təmsil edir. O, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının fəal iştirakçılarındandır.

Bugünlərdə “Nyus.am” saytına müsahibə verən deputat xislətinə sadiq qalaraq, olmayan hadisələr barədə danışarkən ictimai rəyi manipulyasiya etməyə, necə deyərlər, qaşınmayan yerdən qan çıxarmağa çalışıb. Müsahibədə ilkin olaraq deputatın ölkəsinin sülh danışıqları apardığı Azərbaycanı “düşmən” adlandırması diqqəti cəlb edir. Danielyan deyib: “Düşmən Ermənistan və Azərbaycan sərhədçiləri arasında insident baş verən Kirantsdakı yeni yola yaxınlaşıb və dayanıb”.

O, Ermənistan milli təhlükəsizlik xidmətinin insident olmadığı barədə bəyanatını təkzib edib: “Erməni və azərbaycanlı sərhədçilər arasında baş verən insident barədə bir çox kənd sakinləri danışıblar. Kirantsın bir sıra sakinləri mənə azərbaycanlıların salınan yeni yolla bağlı tələblərinin olduğunu bildiriblər. Azərbaycan xırda təxribatlara əl atır (?) və bununla göstərir ki, erməni xalqı ilə dinc yanaşı yaşamaq istiqamətində heç bir istəyi yoxdur”.

Onun qiymətləndirməsinə görə, Tavuşda delimitasiya yox, birtərəfli güzəşt (?) olub: “Azərbaycan Ermənistan ərazilərinin təhvil verilməsi müqabilində heç nədə güzəşt etmədi. Berkarberdə vətəndaşlar 900 hektarlıq torpaq sahəsi ilə bağlı imza toplamağa başlayıblar. Paşinyan bu torpağı onlara qaytaracağına söz verib, lakin qaytarmayıb. Üstəlik, Azərbaycan Tavuşda əraziləri aldıqdan sonra azərbaycanlıların Ermənistanda məskunlaşdırılması və sair formada yeni tələblər irəli sürüb”.

Daşnak qeyd edib ki, bu fonda Paşinyan Tavuşa gəlir və insanların vəziyyətdən şikayət etməsindən narazılığını bildirir. “Paşinyan Ermənistan ərazisini düşmənə təhvil verməsini (?) problem hesab etmir. O, “Artsax” haqqında da eyni sözləri demişdi və bundan problem yaratmamağı təklif etmişdi” – deyən Danielyan qısa müsahibədə ikinci dəfə ölkəmizlə bağlı “düşmən” sözünü işlədib.

Onun sözlərinə görə, guya, Tavuşda əhali kənd təsərrüfatı ilə məşğul ola bilmədiyi üçün ciddi şəkildə narahatdır ki, bu da əhalinin xaricə axını baxımından demoqrafik problemlər yarada bilər. Guya, investorlar Kirantsa gedən yolun Azərbaycan tərəfindən hər an bağlana biləcəyindən narahat olduqları üçün etibarsızlıq potensial investisiyalara da təsir edirmiş: “Ermənistan ciddi problemlərlə üz-üzədir. Belə bir şəraitdə hakimiyyət nümayəndələri məzuniyyətə çıxır və velosiped sürürlər. Bu davranış insanı şoka salır”.

Erməni deputatın səsləndirdiyi fikirlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, ölkədəki radikal-revanşistlər bu ilin yazında B.Qalstanyanın hərəkatının timsalında növbəti dəfə məğlubiyyətə uğrasalar da, mövqelərində hansısa dəyişiklik etmək niyyətində deyillər. Onlar hələ də xəyallar aləmində yaşayır, hansısa “x” günündə Ermənistanın güclənəcəyini, Azərbaycana qarşı müharibəyə başlayacağını, “Artsaxı geri qaytaracağını” zənn edirlər. Görünür, bu şəxslər hələ də bölgədəki reallığı tam dərk edə bilmirlər. Onlar hələ də başa düşmürlər ki, Prezident İlham Əliyevin dediyi kimi, “Miatsum” kitabı, separatizmin kitabı bağlanıb. Müstəqillik xülyası statusun dalınca gedib. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik.

Bu gün Azərbaycan qalib tərəf kimi Ermənistana barışıq əlini uzadıb. Müharibədən sonra sülh danışıqları üzrə 5 maddəlik prinsipləri rəsmi İrəvana təqdim edən də bizik. Paşinyan və onun hökumətinin üzvləri bəzən nala-mıxa vursalar da, sülhün son nəticədə onlara daha çox lazım olduğunu anlayırlar. Radikallar isə öz ölkələrinin mənafeyini düşünməyərək prosesə tormozlayıcı təsir göstərməyə çalışırlar. Başa düşmürlər ki, bununla ilk növbədə öz ölkələrinə pislik edirlər. Danielyan və onunla eyni siyasi düşərgədə olanlar bununla həm də köhnə əyyamda yaşadıqlarını nümayiş etdirirlər.

Mövzu üzrə söhbətləşdiyimiz politoloq Yeganə Hacıyeva bildirdi ki, ümumiyyətlə, dezinformasiya hələ münaqişənin davam etdiyi dövrdə danışıqların bütün mərhələlərində Ermənistanın ictimai-siyasi həyatının bir hissəsi olub. İrəvan, münaqişəni də dezinformasiyalar üzərindən dünyaya özünün mənafeyi baxımından təqdim edib: “Münaqişənin yaranması ilə bağlı, sonra isə işğalçılıq siyasətini əsaslandırmaq üçün dezinformasiyalara əl atıb və proses 1988-ci ildən indiyədək davam edir. Hazırda haqqında danışdığımız və ölkəmizə qarşı informasiya müharibəsi fonunda atılan addımlar da onlardan biridir”.

Politoloq qeyd etdi ki, Ermənistan, əslində, bütün addımları ilə vaxt qazanmağa, hərbi potensialını artırmağa, silahlanmağa çalışır. Sonra isə ümumerməni ideologiyasının nüvəsində dayanan ölkəmizə təcavüz faktını hər hansı formada davam etdirməyi hədəfləyir: “Ən ciddi erməni ictimai-siyasi və təhlükəsizlik təsisatlarının kluarlarında səmimi fikirlər belədir ki, biz də silahlanıb o torpaqları sizdən alacağıq. Ermənistan və Azərbaycan arasında mediada ritorikaların formalaşdırılmasına dair danışıqlarda iştirak edən bir şəxs kimi bu fikri mən onlardan eşitmişəm. Bu səbəbdən onlar öz addımlarını əsaslandırmağa çalışırlar. Məsələ bundadır ki, istər dünya, istər Azərbaycan, istərsə də regionda sülh və sabitlikdə maraqlı olan tərəflər Ermənistan tərəfindən real addımlar gözləyirlər. Real addımlar isə bir neçə istiqamətdədir. Bura hüquqi, siyasi, ictimai-siyasi, iqtisadi, logistika və təhlükəsizlik sahələri daxildir. Hazırda sülhə doğru çox ləng addımlar atan Ermənistan tərəfi göstərmək istəyir ki, guya, onlar sülhün tərəfdarlarıdır. Reallıqda isə onların əsas məqsədi proseslərdə vaxt qazanmaq, hərbi potensialı inkişaf etdirmək, o cümlədən silahlanmaq, bundan sonra qarşıya qoyduqları məqsədə nail olmaqdır”.

Y.Hacıyevanın fikrincə, ölkəmizin sərhəddə hansısa təxribata əl atması kimi dezinformasiyalar da sadalanan məqsədlərin həyata keçirilməsinə xidmət edir. Qarşı tərəf vacib hesab olunan addımları atmır, əksinə ölkəmizi şərləməklə, danışıqlarda bundan öncə qeydə alınmış pozitiv məqamları mübahisələndirməklə göstərmək istəyir ki, vəziyyət qaydasında deyil. Dezinformasiyalar Ermənistan dövləti, cəmiyyəti, ictimai-siyasi sektoru, mediası tərəfindən aparılır. Sərhəddə, guya, insidentin baş verməsinə dair yayılan xəbər də bu kampaniyanın tərkib hissəsidir.

Səxavət HƏMİD 
XQ

 





Siyasət