“Əl Ərəbiyə”: ABŞ Yaxın Şərqdə ən pis ssenariyə hazırlıq görür

post-img

Vaşinqton genişmiqyaslı müharibə astanasında olan Yaxın Şərqdə ən pis ssenariyə hazırlıq görür. AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ rəsmisi jurnalistlərə müsahibəsində bölgədə Birləşmiş Ştatların ən azı 12 döyüş gəmisinin, o cümlədən “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin və 4 mindən çox dəniz piyadasının olduğunu bildirib. “The Washington Post” nəşri də bu məlumatı təsdiq edib.

“Hizbullah” və HƏMAS-ın yüksək rütbəli şəxslərinin Beyrutda və Tehranda ard-arda öldürülməsi fonunda İran və onun tərəfdaşlarının cavab əməliyyatları riskini artırıb.

ABŞ rəsmisi deyib: “Biz bütün ssenarilərə, amerikalıların regiondan potensial təxliyəsinə və ya Körfəz ölkələrindəki hərbi bazalarımıza qarşı hücumlara hazırlaşırıq”.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan qısa müddət sonra Pentaqon Yaxın Şərqə bir neçə döyüş gəmisi və digər hərbi obyektlərin göndərilməsi barədə göstəriş verib. ABŞ rəsmiləri bildiriblər ki, əsas səbəb İran və ya onun dəstəklədiyi digər qrupları ikinci cəbhə açmaqdan çəkindirmək olub.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Pol Salem “Hizbullah” və İranın mütləq qisas alacağını proqnozlaşdır. O qeyd edir ki, bu proseslər avtomatik olaraq böyük eskalasiya ilə nəticələnəcək”.

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə bildirib ki, sui-qəsdlər bölgədə gərginliyin azaldılmasına kömək etmir.

Dünya