Netanyahu NATO-nun oxşarını yaratmağı təklif edir

post-img

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında Yaxın Şərqdə NATO-nun oxşarını yaratmağa çağırıb. Bu barədə TASS məlumat yayıb.

Baş nazir deyib: “İkinci Dünya müha­ribəsindən sonra ABŞ artan sovet təh­lükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükə­sizlik ittifaqı yarada bilər. İsraillə sülh için­də olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaq­lar”.

Plexanov adına Rusiya İqtisadiy­yat Universitetinin siyasi təhlil və sosi­al-psixoloji proseslər kafedrasının do­senti Aleksandr Perendjiev İsrail Baş naziri Benyamin Netanyahunun bu təkli­finin ərəb ölkələrini parçalamağa xidmət etdiyini bildirib. “NEWS.ru” ilə söhbətində ekspert təklifin ciddi təhlükə kimi qəbul edilə biləcəyini qeyd edib. “Belə bir itti­faqın yaranması münaqişəli vəziyyətlərə səbəb olacaq. Əgər hərbi blok yaranırsa, o, kiməsə qarşı olmalıdır, nəinki İrana qarşı. Bu, ərəb dövlətləri tərəfindən ciddi təhlükə və çağırış kimi qəbul edilə bilər. Həm də, ərəb ölkələrində parçalanmaya səbəb olacaq”.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam daha əvvəl bildirmişdi ki, təşkilat İsrailin Fələs­tin ərazilərində məskunlaşma fəaliyyətini ilhaq hesab edir. İyulun 4-də İsrail hö­kuməti son 30 ildə Fələstin ərazisinin ən böyük hissəsini dövlət ərazisi elan edib. Beləliklə, İsrail İordan çayının qərb sahi­lində 12700 dunam (1270 hektar) ərazi əldə edib. Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi hesab edir ki, İsrailin hərəkətləri fələstinlilərin öz müqəddəratı­nı təyinetmə hüququnu pozur. Hakim Sa­lam vurğulayıb ki, Fələstin xalqı on illərdir ki, İsrailin siyasətləri ilə öz müqəddəratını təyin etmək hüququndan məhrum edilib və bu siyasətlərin davam etdirilməsi gələ­cəkdə bu hüququn həyata keçirilməsinə xələl gətirir.

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya