Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərini Budapeştin Ukraynada münaqişənin nizamlanmasına dair təklifləri barədə yazılı şəkildə məlumatlandırıb. Bu barədə iyulun 15-də siyasətçinin siyasi direktoru Balazs Orban danışıb.
Məlumatı “İzvestiya.ru” verib.
O, “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib: “Əgər Avropa sülh istəyirsə və qan tökülməsinin dayandırılmasında həlledici söz sahibi olmaq istəyirsə, o zaman indi siyasi kursda dəyişiklik hazırlayıb həyata keçirməlidir”.
Orbanın siyasi direktorunun fikrincə, Macarıstanın rolunu nə az, nə də çox qiymətləndirmək lazımdır. O, ölkənin ciddi vasitəçilik rolunu oynamağa qadir olduğunu vurğulayıb.
Kreml isə Orbanın Ukrayna böhranının həlli ilə bağlı ümumi baxışını bilir, lakin onun münaqişənin həlli yollarını qeyd etdiyi Avropa İttifaqı (Aİ) liderlərinə məktubunun konkret məzmunundan xəbərsizdir. Bu barədə iyulun 15-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib: “Əlbəttə, Moskvada təmaslar zamanı cənab Orban öz baxışının əsas parametrlərini açıqladı, lakin biz Aİ daxilində daxili yazışmalarda nələrin müzakirə olunduğunu bilmirik”.
P.ƏMİRCANOV
XQ