Le Pen: Makron administrativ dövlət çevrilişi edir

post-img

Fransanın ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen prezident Emmanuel Makronu növbədənkənar ümumi seçkilər ərəfəsində yüksək səviyyəli hökumət rəsmilərini təyin etməklə “inzibati çevriliş”də ittiham edib. Xəbəri “Anadolu” verib. 

Le Pen iyulun 7-də keçiriləcək erkən seçkilərin ikinci turu öncəsi “France Inter” radiosunda mühüm açıqlamalar verib.

Növbədənkənar seçkilərin birinci turuna günlər qalmış, Nazirlər Şurasının iyunun 30-da keçiriləcək iclasında Makronun Avropa İttifaqında (Aİ) yüksək vəzifələr də daxil olmaqla geniş miqyaslı hökumət təyinatlarından danışan Le Pen deyib: “Bu faktdır ki, öz adamlarınızı təyin etməklə seçicilərin səslərinə və seçkinin nəticələrinə mane olmaq istəyirsiniz, bu, sizə xalqın istədiyi siyasəti həyata keçirməyə imkan vermir. Bu, bir növ administrativ dövlət çevrilişidir”.

Le Pen həmçinin vurğulayıb ki, onun partiyası hakimiyyətə gələrsə, bu təyinatları nəzərdən keçirəcək.

Növbədənkənar ümumi seçkilərin ilk turunda Le Penin partiyasının rəhbərlik etdiyi ifrat sağçı alyans 33,15 faiz səslə birinci, solçu partiyaların yaratdığı Yeni Xalq Cəbhəsi alyansı 28 faiz səslə ikinci olub. Makronun “Hamı birlikdə Respublika naminə” alyansı 20 faiz səslə üçüncü yeri tutub.

P.ƏMİRCANOV
XQ

Dünya