Bu gün Orbanın Kiyevə səfəri gözlənilir

post-img

Bu gün Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Bu barədə “Financial Times” mənbələrə istinadən xəbər verir. Bu, Macarıstan baş nazirinin 2022-ci ilin fevralında hərbi əməliyyatlar başlayandan sonra Ukraynaya ilk səfəridir. Məlumatı “The Guardian” da təsdiqləyib.

Mənbə iddia edir ki, Viktor Orban Kiyevdə digər yüksək vəzifəli rəsmilərlə də görüşəcək. Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində baş nazirin səfəri ilə bağlı məlumatı şərh etməkdən imtina edib. Eyni zamanda, nəşrin digər mənbəsi də bunu təsdiqləyib. "Son dəqiqədə dəyişiklik olmasa, Orban sabah burada olacaq" dedi.

“Financial Times” qeyd edir ki, Viktor Orbanın səfəri Macarıstan Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayandan bir gün sonra baş tutur. 2022-ci ildən bəri bütün Aİ liderləri Ukraynaya səfər edib. Nəşrin mənbələrinin məlumatına görə, səfər Brüsseldə keçirilən sammitdə Ukraynanın qərbində Zakarpatye bölgəsində yaşayan macarların problemi ilə bağlı danışıqlardan sonra razılaşdırılıb. Macarıstan hakimiyyəti Ukraynada 150 min macarın yaşadığını iddia edir.

Viktor Orban və digər yüksək rütbəli Macarıstan rəsmiləri Ukraynadakı Transkarpat macarlarının hüquqları ilə bağlı dəfələrlə iddialar səsləndiriblər. “The Guardian” qeyd edir ki, Viktor Orban bu məsələdən Rusiyanın Ukrayna münaqişəsinə baxışını təşviq etmək üçün istifadə edə bilər.

P.ƏMİRCANOV
XQ

Dünya