Pakistanda 600-dən çox adam istinin qurbanı olub

post-img

Son günlər havanın isti keçməsi nəticəsində Pakistanda xəstəxanalara 1000-dən çox adam gətirilib, onların 600-dən çoxu dünyasını dəyişib. Adamların bir hissəsi xəstəxanalara çatdırılmadan ölüb. Həlak olanların çoxu Sind əyalətinin mərkəzi və ölkənin ən böyük şəhəri olan Kəraçidə qeydə alınıb. Bu şəhərdə günvurmadan hər gün 35-40 adam dünyasını dəyişir. Günvurmadan ölənlər əsasən 60-70 yaş arasında olan adamlardır. 

Pakistan mətbuatının yazdığına görə, ölkənin bəzi dairələrində havanın temperaturu ayrı-ayrı vaxtlarda 49-51 dərəcə olur. Sind əyalətində isə bəzi günlərdə temperatur 52,2 dərəcəyə çatır.  

Pakistandakı böyük şəhərlərin küçələrində günvurmadan yıxılan adamların vaxtında xəstəxanalara çatdırılması üçün xüsusi mərkəzlər açılıb. 

Fond Edxi Fondunun rəhbəri Feysal Edxi jurnalistlərə deyib ki, ancaq bir gündə təcili yardım maşınları Kəraçinin küçələrində günvurmadan dünyasını dəyişən 29 adamın cəsədini xəstəxanalara aparıb. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri 

İslamabad

 

 

 

Dünya