Rusiya XİN Ermənistana nota verib

post-img

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor-Nork rayonu administrasiyasının rəhbəri Tiqran Ter-Marqaryanın Kiyev vilayətinin Buça şəhərinə səfəri ilə bağlı Rusiya Ermənistana etiraz notası göndərib. Məlumatı Rusiya XİN-in  mətbuat xidmətinə istinadən “Anadolu” verib. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvan nümayəndələrinin “qeyri-dost addımları” ilə bağlı medianın sualına cavabında bildirib.

“Biz paytaxtın Nor-Nork inzibati ərazi dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistan diplomatik missiyasının rəhbərləri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Onlar Rusiyanın Ukraynaya təcavüz etdiyini bildiriblər”, deyə diplomat qeyd edib. 

Zaxarova deyib ki, Ukrayna Silahlı Qüvvələrinə yardım göndərilməsi və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlar səsləndirilməsi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib.

“Biz Qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqi Tiqran Ter-Marqaryan kimi bir fiqurdan başqa heç nə gözləmirdik. Təəssüf ki, Ermənistan hakimiyyəti onunla həmrəydir”, - Mariya Zaxarova vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya