ABŞ atəşkəs təklifini BMT-yə çıxarır

post-img

ABŞ Prezidenti Co Bayden Qəzza zolağında sülh üçün təklif etdiyi üç mərhələli atəşkəsin BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasına çağırıb. Məlumatı “Anadolu” verib. 

ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat katibi Neyt Evans bazar günü BMT Təhlükəsizlik Şurasına müvafiq ərizə təqdim etdiklərini bildirib. Buna uyğun olaraq ABŞ Baydenin keçən həftə elan etdiyi Qəzza zolağında atəşkəslə bağlı İsrailin təklifinin BMT Təhlükəsizlik Şurasında səsə qoyularaq dəstəklənməsinə çağırıb.

Evans üç fazalı razılaşmanın beynəlxalq dəstək alacağı təqdirdə atəşkəs prosesinin sürətləndiriləcəyini, məhbusların azad ediləcəyini və İsrailin razılaşmanın şərtlərinə uyğun olaraq Qəzzadakı yaşayış məntəqələrindən geri çəkiləcəyini bildirib: “İsrail artıq bu razılaşmanı qəbul edib, indi Təhlükəsizlik Şurasının yekdilliklə danışmaq və HƏMAS-ı razılaşmanı qəbul etməyə çağırmaq imkanı var”.

Digər tərəfdən, BMT qaynaqları sözügedən səsvermənin həftənin əvvəlində BMT Təhlükəsizlik Şurasının gündəliyinə salına biləcəyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya