İranda iyunun 28-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydə alınmasına başlanılıb. Bu barədə İslam Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri Əhməd Vəhidi bildirib. Məlumatı “Anadolu” verib.
“İran tarixində dönüş nöqtəsi olan bu çətin şəraitdə və belə böyük itkiyə baxmayaraq, inqilab liderinin (İran lideri Ayətullah Əli Xamenei) rəhbərliyi altında ölkənin idarə olunmasında heç bir uğursuzluq olmayıb”, - Vahidi mətbuat konfransında deyib.
Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, namizədlərin qeydiyyatı beş gün davam edəcək, sonra yeddi gün ərzində İran Konstitusiyasının Keşikçilər Şurası qeydiyyatdan keçmiş hər bir şəxsin lazımi tələblərə uyğunluğunu nəzərdən keçirəcək. Növbəti prezidentliyə namizədlərin seçki kampaniyasına 14 gün vaxt ayrılacaq.
Seçkilərdə iştirak etmək istəyənlər şəxsən Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
P.ƏMİRCANOV
XQ