İyunun 3-də səmada “planetlərin paradı” müşahidə olunacaq. 7 planet – Venera, Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun Günəşdən qərbdə, təxminən, 90 dərəcəlik bucaq sektorunda yerləşəcək.
BDU-nun Astrofizika kafedrasının yaydığı məlumatda deyilir ki, iyunun 3-də saat 02:00-dan başlayaraq, Saturn, 03:00-dan Mars, 04:50-dən Günəş doğana qədər şərq tərəfdə üfüqə yaxın Yupiter və Merkuri adi gözlə görünəcək. Uranı isə adi gözlə çətinliklə, Merkuridən 20 dəqiqə əvvəl – saat 04:20-dən sonra seyr edə biləcəyik. Buna oxşar 6 planetin “paradı” avqust ayının axırları və ya sentyabrın əvvəllərində baş verəcək.
Astronomik hadisə sayılan “planetlərin paradı” bir neçə planetin bir-birinə kifayət qədər yaxın olduğu və Günəşə nisbətən bir tərəfdə şərti cərgədə düzülüşünə deyilir.
Xatırladaq ki, kosmosda ən böyük “parad” 1982-ci il martın 10-da qeydə alınıb. O zaman 8 planet (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və o dönəmlər planet hesab edilən Pluton) Günəşdən bir tərəfdə 95 dərəcəlik sektorda yerləşmişdi.
Sevda SƏLİMOVA
XQ