Nauseda yenidən Litva prezidenti seçilib

post-img

Gitanas Nauseda bütün seçki məntəqələrində səslərin hesablanmasının nəticələrinə əsasən yenidən Litva Respublikasının Prezidenti seçilib. Məlumatı “Anadolu” verib. 

Litva dövlət mediasının Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, bütün 1895 seçki məntəqəsində bülletenlər hesablanıb. Nauseda 74,43 faiz səs toplayıb.

Seçkilərin ikinci turunda onun rəqibi, baş nazir İnqrida Simonyte 24,06 faiz səs toplayıb. 

Qeyd edək ki, bazar günü Litvada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə seçici fəallığı 49,61 faiz təşkil edib.

Yenidən seçilən prezident diqqəti nəticələrə yönəldəcəyini vəd edib və birinci müddətində üzləşdiyi problemləri sadalayıb.

“Şəxsən mənim üçün çox vacib gündür. Bu, həqiqətən də asan olmayan və dəyişən şəraitdə həyata keçirilən həmin beş illik işin qiymətləndirilməsidir”, - Litva televiziyası dövlət başçısının sözlərindən sitat gətirir.

Nausėda qeyd edib ki, səlahiyyət müddəti pandemiya ilə yadda qalıb, miqrasiya, qeyri-qanuni miqrasiya və Ukraynadakı münaqişə Litvada daxili siyasi vəziyyəti çətinləşdirib: “İkinci dönəmdə nəticələrə can atacağam, birinci dövrə nisbətən daha çox nəticəyönümlü olacağam. Mən böyük imkanlar və geniş fəaliyyət sahəsi görürəm”, - Nauseda bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya