Si Cinpin: Putinlə danışıqlar səmimi və əhatəli oldu

post-img

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında danışıqlar səmimi, dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. Bu barədə Si Cinpin cümə axşamı mətbuat konfransında bildirib. 

Çin lideri deyib: “Cənab prezidentlə mən sadəcə səmimi, dostluq şəraitində və mənalı danışıqlar apardıq”. 

Onun sözlərinə görə, tərəflər xüsusilə “diplomatik münasibətlərin qurulmasından sonrakı 75 il ərzində toplanmış ikitərəfli münasibətlərin uğurlu təcrübəsini ümumiləşdirib”.

“Biz ikitərəfli gündəm və qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional mövzular barədə ətraflı fikir mübadiləsi apardıq, Çin-Rusiya münasibətlərinin və çoxşaxəli əməkdaşlığın gələcək inkişafı üçün vəzifələr və planlar müəyyən etdik”.

O qeyd edib ki, tərəflər Çin və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü kontekstində yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

“Tərəflər bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq və üçüncü tərəflərə qarşı yönəlməmək ruhunda ardıcıl olaraq siyasi qarşılıqlı etimadı gücləndirəcək, seçdikləri inkişaf yoluna hörmət edəcək, firavanlıq və ümumi inkişaf yolunda bir-birini qətiyyətlə dəstəkləyəcəklər”, - deyə Si Cinpin Rusiya-Çin danışıqlarının yekununda bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya