Peskov: nüvə qüvvələrinin təlimlərini Makron və Kemeron təhrik etdi

post-img

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov izah edib ki, Müdafiə Nazirliyinin bu gün elan etdiyi qeyri-strateji nüvə qüvvələrinin təlimləri Ukrayna münaqişəsində “görünməmiş gərginlik raundu” ilə əlaqələndirilir. O qeyd edib ki, təlimlərin keçirilməsinə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun son bəyanatları səbəb olub.

“Müdafiə Nazirliyi hər şeyi tam şəkildə dedi. Söhbət hansı bəyanatlardan getdiyini soruşsanız, bu, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin, Makronun və amerikalıların sözləridir. NATO əsgərlərini yollamaq niyyətidir. Bu, misli görünməmiş gərginlik mərhələsidir və xüsusi diqqət və xüsusi tədbirlər tələb edir”, - deyə Dmitri Peskov mətbuat konfransı zamanı bildirib.

Bu gün Rusiya Baş Qərargah Cənub Hərbi Dairəsinin raket birləşmələrinin və Hərbi Dəniz Qüvvələrinin təlimlərinə hazırlıqlara başladığını açıqlayıb. Onlar taktiki nüvə silahlarından istifadə üzərində işləyəcəklər. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər “Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə” cavab olaraq keçirilir.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron mayın 2-də Kiyevin xahişindən sonra fransız qoşunlarının Ukraynaya göndərilməsinə icazə verəcəyini bildirib. Mayın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratik Partiyanın lideri Hakim Ceffris bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə müdaxilə tələb oluna bilər və Amerika qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir. Öz növbəsində Devid Kemeron bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Londondan silahla Rusiya ərazisinə endirdiyi zərbələr qanunidir.

S.ELAY

XQ

Dünya