ABŞ Senatı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini təsdiqləyib

post-img

ABŞ Senatı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini ehtiva edən qanun layihəsini dəstəkləyib. Qanun layihəsində Ukraynaya yardım üçün 61 milyard dollar ayrılması da nəzərdə tutulub. Tədbirlər paketinin lehinə 79 senator, əleyhinə 18 senator səs verib. Sənəd imzalanması üçün ABŞ prezidenti Co Baydenə göndərilib. 

Qanun layihəsində Rusiya aktivlərinin müsadirəsi, o cümlədən onların dondurulmasına qadağa qoyulması, habelə dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiya verilməsi və ölkənin yenidən qurulması üçün istifadə edilməsi ilə bağlı müddəalar daxildir. Bundan əlavə, qanun layihəsi çərçivəsində ABŞ İsrailə yardım üçün 26 milyard dollar ayıracaq. Digər 8,12 milyard dollar isə Hind-Sakit okean regionuna gedəcək.

Dondurulmuş Rusiya aktivlərinin 280 milyard dollarının kiçik bir hissəsi ABŞ-da yerləşir. Rusiya hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Aleksey Zubets həmin məbləği 5 milyard və ya 6 milyard dollar dəyərində qiymətləndirib.

ABŞ administrasiyası 2023-cü ilin noyabrından etibarən yeni yardım paketi ilə bağlı razılığa gələ bilmirdi. Nümayəndələr Palatası qanun layihəsini aprelin 20-də təsdiqləyib. Cənab Bayden bu həftə Ukraynaya tədarükün bərpasına ümid edir. Rusiya hakimiyyəti Moskvanın aktivlərinin müsadirəsinə sərt reaksiya verəcəyi ilə hədələyib.

S.ELAY

XQ

Dünya