Erməni mediası: Ruslar gedir, hindistanlılar gəlir

post-img

Ermənistanla Rusiya arasında son siyasi gərginlik fonunda bu ölkəyə daha az Rusiya vətəndaşı gəlir. Bu barədə Ermənistanın “168.zham” nəşrində dərc olunan məqalədə deyilir.

“Əgər ötən ilin ilk iki ayında Ermənistana 207 mindən çox Rusiya vətəndaşı daxil olubsa, bu il 171,7 min nəfər gəlib. Bu, 36 min nəfər az deməkdir. Rusiya vətəndaşlarının ölkəyə girişi 17 faizdən çox azalıb.

Aydındır ki, Ermənistanda son illərdə qeydə alınan yüksək iqtisadi artımda Rusiya vətəndaşlarının aktiv axını mühüm rol oynayıb. Xüsusilə nəzərə alsaq ki, bura gələnlərin böyük hissəsi işgüzar məqsədlər üçün gəlib. Çoxlu sayda turist səfərləri də olurdu ki, bu da ciddi iqtisadi aktivlik gətirirdi. 

Problem təkcə Ermənistanla Rusiya arasında son gərginlikdə deyil, həm də Ermənistanda bu axınları düzgün idarə etmək, xidmət göstərmək və uzunmüddətli hədəflərə yönəltmək üçün əlverişli şəraitin yaradılmamasıdır. Əksinə, çoxlu maneələr yaradıldı. Rusiya vətəndaşları Ermənistanda kütləvi qiymət artımı ilə üzləşiblər. Ona görə də gələnlər tədricən getməyə üstünlük veriblər. Bu il Rusiyadan Ermənistana nəinki vətəndaşların gəlişi azalıb, hətta getməsi də artıb. 

Amma Hindistandan axın çox yüksəkdir. Cəmi iki-üç il əvvəl bu ölkədən Ermənistana axın o qədər az idi ki, ümumi rəqəmlərdə belə görünmürdü. Amma son iki ildə rəqəmlərdə xeyli artım var. Əgər 2022-ci ilin ilk iki ayında bu rəqəm 1,1-1,2 minə çatırdısa, bu il artıq 9 minə çatıb”, - məqalədə deyilir.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya