Qazaxıstanda sel və daşqınlardan zərər çəkən regionlardan 100 min adam köçürülüb

post-img

Son bir neçə gündə Qazaxıstanda leysan yağışları nəticəsində qarın əriməsi, baş verən sel və daşqınlar 100 min adamın evlərini tərk etməsinə səbəb olub, onların 36 min 365-i uşaqdır. 

Ölkənin təbii fəlakət zonası elan edilən 10 vilayətində 3 mindən çox ev su altında qalıb. İnsanlar təbii fəlakət zonasından helikopterlər və qayıqlar vasitəsi ilə xilas edilib, köçürülənlər müvəqqəti yaşayış yerləri ilə təmin olunub. 

Bununla bağlı Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, 34 min 272 adam gecə və gündüz qəza-xilasetmə işlərinə cəlb edilib.   

Məlumatda bildirilir ki, kənd rayonlarından 98 min 106 baş xırdabuynuzlu və iribuynuzlu mal-qara çıxarılıb, 8 mindən artıq ev heyvanı məhv olub. 

Daşqınlar nəticəsində evlərini tərk edənlərə 1000 ton humanitar yardım çatdırılıb. 

Xatırladırıq ki, bu daşqınlar Qazaxıstanda son 80 ildə öz əhatə dairəsinə və vurduğu zərərə görə ən böyük təbii fəlakətdir. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana        

.

 

 

 



Dünya