Bayden Si ilə söhbətində Çini Rusiya hərbi-sənaye kompleksini dəstəklədiyinə görə qınayıb

post-img

Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Dövlət başçıları Çin-Amerika münasibətləri və onların sabitləşməsi, Ukraynadakı münaqişə, Tayvan məsələsi, insan hüquqları, Koreya yarımadasındakı vəziyyət, hərbi əməkdaşlıq və süni intellektlə bağlı risklərin həlli məsələlərini müzakirə ediblər.

Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Co Baydenin təşəbbüsü ilə baş tutan söhbət zamanı Si Cinpin Tayvan məsələsini ölkələr arasında münasibətlərdə “aşılmaz qırmızı xətt” adlandırıb. Çin lideri vahid Çin prinsipini xatırladıb, həmçinin ABŞ-ın Çin və Çin şirkətlərinin iqtisadiyyatını, ticarətini, elm və texnologiyasını sıxışdırmaq üçün “sonsuz tədbirlər axını”nı pisləyib.

Öz növbəsində, Co Bayden, Ağ Evin bildirdiyinə görə, Çinin Rusiyanın hərbi-sənaye kompleksinə dəstəyindən narahatlığını ifadə edib. Amerika prezidenti, həmçinin Çinin ədalətsiz ticarət siyasətinə, qeyri-bazar iqtisadi üsullarına diqqət çəkib və ABŞ-ın milli təhlükəsizliyinə zərbə vurmaq cəhdlərinə qarşı tədbirləri davam etdirəcəyini vəd edib.

Söhbət zamanı Co Bayden ABŞ-ın ölkələr arasında dialoqu gücləndirmək üçün yaxın gələcəkdə maliyyə naziri Canet Yellen və dövlət katibi Entoni Blinkenin Çinə səfərlərini təşkil etməyə hazır olduğunu açıqlayıb. Si Cinpin təşəbbüsü dəstəkləyib. Amerika və Çin tərəfləri dialoqu səmimi və konstruktiv adlandırıblar.

Co Bayden və Si Cinpin arasında sonuncu görüş 2023-cü il noyabrın 14-də keçirilib. Liderlər San-Fransiskoda keçirilən APEC sammitində dörd saatlıq danışıqlar aparıb və dialoqu hərbi kanallar vasitəsilə bərpa etmək barədə razılığa gəliblər, iqtisadi və ticarət əlaqələri, eləcə də Tayvan məsələsini müzakirə ediblər. NBC telekanalı mənbələrə istinadən xəbər verir ki, söhbət zamanı cənab Si amerikalı həmkarına Tayvanı Çinlə birləşdirmək planlarından danışıb.

S.ELAY

XQ

Dünya