Türkiyədə yerli seçkilər türk demokratiyasını nümayiş etdirir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib.
“Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi, ilk növbədə, bizim demokratiyamız, xalqımızın iradəsi olacaq. Seçki marafonunun qalibi, ilk növbədə, namizədlər deyil, Türkiyə, siyasi mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün 85 milyon vətəndaşı olub”, - deyə Türkiyə lideri bildirib.
Dövlət başçısı qeyd edib ki, “xalqın iradəsindən uca heç nə yoxdur”.
O, seçki məntəqələrinə gələrək öz seçimini edən bütün seçicilərə minnətdarlığını bildirib, seçki komissiyalarının fədakar əməyini, təhlükəsizlik qüvvələrinin təhlükəsizliyi təmin etdiyini qeyd edib. Türkiyə prezidenti vurğulayıb ki, türk demokratiyası öz yetkinliyini bir daha sübut edib.
P.ƏMİRCANOV
XQ