Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ABŞ-yə səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Entoni Blinkenlə görüşüb, iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə genişləndirilmiş strateji tərəfdaşlığın inkişafını müzakirə edib. Məlumatı “Anadolu” verib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş Nurtleunun Vaşinqtona səfəri çərçivəsində baş tutub.
Qazaxıstan XİN rəhbəri ölkəsinin xarici siyasətinin balanslaşdırılmış xarakterini vurğulayaraq, qabaqcıl Amerika texnologiyalarını cəlb etməklə, Qazaxıstanın nəqliyyat, logistika, infrastruktur, ticarət və investisiya potensialının praqmatik həyata keçirilməsinə xüsusi diqqət yetirib.
ABŞ dövlət katibi Prezident Qasım-Jomart Tokayevin fundamental islahatlar proqramının ardıcıllığını və sistemliliyini alqışlayıb və Vaşinqtonun onların praktiki həyata keçirilməsində bundan sonra da hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb. Blinken vurğulayıb ki, “Birləşmiş Ştatlar bir çox qlobal məsələlərdə Qazaxıstanın həqiqi liderliyini tanıyır”.
Tərəflər həmçinin C5+1 dialoqunun genişləndirilməsi və ötən ilin sentyabrında Nyu-Yorkda keçirilmiş bu formatda birinci Zirvə toplantısında əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ