Hindistan dörd Avropa ölkəsi ilə azad ticarət sazişi imzalayıb

post-img

Hindistan dörd Avropa ölkəsi ilə 100 milyard dollarlıq azad ticarət müqaviləsi imzalayıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, 16 il davam edən danışıqlardan sonra Avropa Azad Ticarət Assosiasiyası (AATA) ilə imzalanan müqavilə əczaçılıq, maşınqayırma da daxil olmaqla, bir sıra sektorlarda investisiyaları əhatə edəcək. Hindistan Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn saziş sayəsində 1,4 milyard nəfərlik bazara çıxış əldə edəcək.

Müqavilə ixracatı artırmaq, investisiyaları təşviq etmək və əlavə iş yerləri yaratmaq məqsədi daşıyır. Son iki ildə Hindistan Avstraliya və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət sazişləri imzalayıb, həmçinin Böyük Britaniya ilə müqavilə imzalamaq üçün danışıqlar son mərhələsindədir.

Bildirilib ki, müqavilə qüvvəyə minməzdən əvvəl beş ölkənin hamısı müqaviləni ratifikasiya etməlidir. Hindistan hazırda Aİ, ABŞ, Böyük Britaniya və Çindən sonra AATA-nın beşinci ən böyük ticarət tərəfdaşıdır.

Dünya