Təxminən bir həftə əvvəl Vahan Kerobyan Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən istefa verib. Vakant nazir postuna əvəzləyici tapmaq Nikol Paşinyan üçün problemə çevrilib. Rəsmi mənbələrdən öyrəndik ki, onlar uyğun namizəd tapa bilmirlər.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Mülki Müqavilə Partiyasından olan deputatlar Gevorq Papoyan və Babken Tunyanın adları mətbuatda yayılıb. Ancaq Paşinyan onları parlamentdən uzaqlaşdırmaq fikrində deyil, çünki qanunverici orqanın tərkibində qanunvericiliyi az-çox başa düşən bir sıra deputatlar var. Tunyan isə nazir postunu belə tutmaq istəmir”, - deyə nəşr bildirib.
Güman edilir ki, Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiya üzvü Artak Kamalyan iqtisadiyyat naziri təyin olunacaq. Bundan əvvəl o, kənd təsərrüfatı və iqtisadiyyat nazirinin müavini vəzifələrində çalışıb.
Rizvan FİKRƏTOĞLU
XQ