Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti blokada altındakı Qəzza zolağında atəşkəsə nail olmaq və İsrail-Fələstin münaqişəsini “iki xalq üçün iki dövlət” konsepsiyası əsasında həll etmək üçün daha çox səy göstərməyə çağırıb. Məlumatı “Anadolu” verib.
Braziliyanın Rio-de-Janeyro şəhərində xarici işlər nazirləri səviyyəsində G20 (İyirmilik Qrupu) toplantısının iştirakçıları qarşısında çıxış edən Türkiyə diplomatik idarəsinin rəhbəri “Qəzza zolağındakı vəhşiliyə ən qısa zamanda son qoyulmalıdır” - deyib. .
Diplomatik mənbələrdən verilən məlumata görə, Fidan sessiyada “Davam edən beynəlxalq gərginliyin həllində G20-nin rolu” mövzusunda çıxış edib.
Fidan onu da xatırladıb ki, Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin başlamasından iki ilə yaxın vaxt keçib. Münaqişə tərəflərinin diplomatiyaya qayıdacaqlarına və danışıqlar masası arxasında həll yolunu tapacağına ümid etdiyini ifadə edən nazir Ankaranın bu istiqamətdə təşəbbüsləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
O deyib ki, beynəlxalq ictimaiyyət qlobal bərabərsizlik və ədalətsizlik, iqtisadi zəiflik, ekoloji problemlər və süni intellekt kimi innovativ texnologiyaların yaratdığı bir çox problemlərlə üzləşir.
Fidan qlobal diplomatiyanın əhəmiyyətinə və bütün böhran sahələrində G20-nin birgə təşəbbüslərinin inkişafına diqqət çəkib.
Hakan Fidan bütün tərəfləri qlobal sülh və təhlükəsizlik üçün səy göstərməyə çağırıb. Nazir bu mövzunun martın 1-3-də keçiriləcək Antalya Diplomatik Forumunda (ADF) “Böhranların qarşısının alınmasında diplomatiyadan istifadə” mövzusunda qaldırılacağını xatırladıb.
P.ƏMİRCANOV
XQ