2010-2013-cü illərdə dünyada vəziyyət dəyişdi və Ermənistana həm Qərbdən, həm də Rusiyadan təzyiqlər artdı. İrəvan bir çox məsələlərdə təslim olmağa məcbur oldu.
“Caliber” xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində analitik Vardan Akopyan danışıb.
“2018-ci ildə isə Ukraynada olduğu kimi, Ermənistanın xarici siyasətini dəyişmək üçün rəngli inqilab planlaşdırıldı. Siyasət o qədər dəyişib ki, indi regionda və Ermənistanın xarici əlaqələrində nə baş verdiyini anlamaq çətindir. Yalnız bir məqsəd var: Rusiya hərbi bazalarını çıxarmaq. Əgər Ermənistan anti-Rusiya xarici siyasəti yürüdürsə, o zaman onun İran və ya Hindistanla inkişaf edən əlaqələrinin nədən ibarət olduğu aydın deyil.
2017-ci ildən Ermənistana Qərbin təzyiqləri artıb, 2018-ci ildən isə Ermənistanın beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb. Məncə, Ermənistan hakimiyyəti nə etdiyini bilmir, sadəcə olaraq kənardan müəyyən göstərişlərə əməl edir. Nəticədə Ermənistan bir çox xarici maraqların toqquşma meydanına çevrilib. İndiyə qədər bu hakimiyyətin xarici siyasət konsepsiyası yoxdur, ağlına gələni söyləyir. Xalqımız hamı üçün lazımsız olub, xalqın mənafeyini güdən liderimiz yoxdur. Belə davam edərsə, Ermənistan Sovet İttifaqı dövründə olduğundan daha betər, xaricilərin idarə etdiyi əraziyə çevriləcək”, - deyə ekspert bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ